Hipotermiya və Donvurma

November 17, 2018

Qış mövsümü ərəfəsində təbiət yürüşləri həvəskarlarına soyuqların orqanizmlərinə təsirinin bəzi aspektlərini xatırlatmaq istəyirik. Qış marşrutları zamanı ən çox üzləşə biləcəyiniz təhlükə hipotermiya və donvurmadır. Bu kimi xoşagəlməz halların baş verməməsi üçün bəzi məlumatları diqqətinizə çatdırırıq.

 

Orqanizminiz üçün təhlükə yaradan yalnız mənfi temperatur deyil, rütubət və küləkli hava da eyni dərəcədə təhlükəlidir. Rütubət və külək nə qədər yüksəkdirsə, donvurmaya məruz qalma şansı da bir o qədər çoxdur. Məqalədəki göstərişlər tövsiyə xarakteri daşıyır və istənilən halda donma halı müşahidə olunduqda, zərərçəkənin ixtisaslaşdırılmış tibbi yardıma müraciət etməsi vacibdir.  

 

Donma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Donmaya, adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır. Donma ən çox rütubətli və küləkli havada olur. Donma uzun müddət soyuq temperaturda olduqda baş verir ki, bu zaman insan orqanizmi bədən temperaturunu tənzimləyə bilmir. Donmaya dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəm paltar əlverişli şərait yaradır. Donmaya ən çox məruz qalma səbəbləri: aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s.

 

HİPOTERMİYA VƏ DONVURMA

Hipotermiya və donvurma soyuqla əlaqədar yaranan təhlükəli halın iki növüdür. Soyuq insan orqanizminə ümumi təsir göstərdikdə hipotermiyaya - bədənin həddindən artıq soyumasına, yerli təsir göstərdikdə isə soyuğun təsirinə məruz qalan bədən hissələrinin don vurmasına gətirib çıxara bilər.

 

Donma zamanı zədələnmiş nahiyədə yaranan əlamətlər:  

  • hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması;

  • zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması;

  • şişkinliyin olması;

  • isitdikdən sonra suluqların əmələ gəlməsi;

  • dərinin muma bənzər olması;

  • dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.);

  • dərinin rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda donmuş sahənin ağ rəngdə və ya göy ləkəli olması;

  • iynə batma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi;

  • don vuran yerin qızdırılma zamanı ağrı verməsi;            

  • don vuran yerdə yanğı hissi, uzun sürən ağrının olması.

 

DONMANIN TƏSNİFATI

Donma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq donmanın dərəcəsini ilkin baxış zamanı bilmək olmur, yalnız 12-24 saat keçdikdən sonra təyin etmək mümkündür.

 

Donma ağırlığına görə 4 dərəcəyə ayrılır:

I dərəcə - ödem, göyümtül rəngə çalan qızartı, iynə batma hissi, qaşınma, keyləşmə. Zədələnmiş nahiyədə ağrı hissiyyatı saxlanılır.

II dərəcə - suluqlar müşahidə olunur. Sağalma dövründə dəri tam bərpa olunur. Zədələnmiş nahiyədə ağrı hissiyyatı saxlanılır.

III dərəcə - hemorragik tərkibli suluqlar xarakterikdir. Zədələnmiş nahiyədə ağrı hissiyyatı itir. Sağalmadan sonra zədələnmiş nahiyədə çapıq qalır.    

IV dərəcə - dərinin bütün qatları, yumşaq toxumalar və sümüklər məhv olur. Daha sonra quru (mumifikasiya) və ya yaş qanqrena inkişaf edir. Əksər hallarda “soyuq” anesteziya səbəbindən proses ağrısız davam edir.

 

DONMADA İLK YARDIM

Donmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Tibb müəssisəsi uzaqda olarsa xilasedici passiv yardım göstərməlidir (dərini qızdırmaq, zərərçəkəni ədyal, paltar, palto və s. köməyi ilə isti saxlamaq). Aktiv isitmə xəstəxanada aparılmalıdır. Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman aşağıdakı tədbirlər görülməlidir:

  • Zərərçəkəni isti otağa aparın;

  • Yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü, saatı və s. çıxarın.

  • Siqaret çəkməyin, spirtli içkilərdən və qəhvədən istifadə etməyin;

  • Əgər xəstəxanadan bir saatlıq yoldasınızsa, zərərçəkəni ləngimədən xəstəxanaya çatdırın.         

  • Mümkündürsə, ətrafı hərəkətsizləşdirin, şina ilə immobilizasiya edin, sarğı qoyub don vuran yerləri müdafiə edin.

 

Zərərçəkənin xəstəxanaya çatdırılması yubadılarsa, o zaman aşağıdakı tədbirlər görülməlidir.

Donmuş nahiyə aşkar edilən kimi:

  • Zərərçəkəni isti yerə gətirin, ayaqqabılarını və əlcəklərini çıxardın.

  • Ağır donma zamanı yardım göstərərkən zədələnmiş yerlə ehtiyatlı davranın.

  • Donmuş ətrafı əvvəl quru parça və ya dəsmal ilə qurudun.

  • Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 20C olan suya salın. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-40C-ə qədər qaldırın. Çalışın suyun istiliyi 41C artıq olmasın və bu temperaturda qalsın. Zədələnmiş yer dəri yumşaq, elastik, çəhrayı rəngdə olana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Əgər diskomfort hissi yaranırsa, deməli, su həddindən artıq istidir. Donmuş yeri isidəndə şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya qoyarkən qabın dibinə və ya divarlarına dəyməsinə imkan verməyin.

  • Əgər isti su yoxdursa donmuş ətrafları bədənin isti yerlərinə yaxın saxlayın (budların arasına və s). Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əlinizi və ya əlcəyinizi qoyub isidin. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.

  • Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı tarım olmamalıdır.

  • Əl və ya ayaq barmaqları donmuşsa, onların arasına pambıq və ya tənzif qoyun.

  • Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə icazə verməyin.

  • Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin.                          

  • Təkrar donmaya heç vaxt yol verməyin.

  • Suluqları deşməyin.

  • Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin. Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmayın. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir.

  • Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələyir.

  • Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən çəkinin (açıq alov, isti butulka, isidilmiş kərpic)

  • Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin.

  • Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.

 

Yüngül hallar istisna olmaqla, donmada həkimə müraciət edin. Hadisə yerində ilk tibbi yardımdan sonra zərərçəkənlər mütləq ixtisaslaşdırılmış tibbi yardım mərkəzlərinə və ya cərrahı şöbəsi olan xəstəxanaya aparılmalıdırlar.

 

Donmadan qacınmaq mümkündür. Kəskin soyuqda düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır. Ətraf mühitə uyğun geyinin. Geyim həmişə xarici mühitin şəraitinə və sizin fəaliyyətinizə uyğun olmalıdır. Özünüzü qoruyun!

 

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş postlar

Yeni İl Hədiyyəsi üçün tövsiyələr

November 26, 2018

1/8
Please reload

Son yazılar

November 17, 2018