Haykinq ayaqqabısı necə seçilməlidir

Təbiət yürüşləri, trekkinq, haykinq üçün doğru ayaqqabı seçmək vacibdir. Hər kəsin ayaqları quruluşca fərqlidir və müxtəlif brendlərin də ölçüləri bir-birindən az da olsa fərqlənir. Bu səbəbdən də müxtəlif markaları və ölçülərı sınaqdan keçirməklə özünüzə daha rahat və uyğun olanı tapa bilərsiniz.



Ayaqqabı seçərkən onun tipi, çəkisi, hansı materialdan hazırlanması və hava şəraitinə uyğunluğu ilə yanaşı, onun ayağınızda nə qədər rahat olması da eyni dərəcədə vacibdir. Qeyd edək ki, sizə uyğun və rahat olan ayaqqabının ən bahalı və tanınmış brenddən olması mütləq deyil. Bəzən tanınmış brenddən olan ayaqqabı belə düzgün seçilmədikdə, sizə yürüş zamanı narahatlıq yarada bilər.


Ayaqqabının uyğun olub-olmamasını yoxlamaq üçün kiçik testi diqqətinizə təqdim edirik.


1. Barmaq testi - Bu ayaqqabının uyğunluq testinin başlanğıcıdır. Ayaqqabını ayağınıza geyinin, bağlarını açıq saxlayın. Barmağınızı dabanınızla ayaqqabının arasına sürüşdürməyə çalışın. Dabanınızla ayaqqabı arasında barmağın kip keçə biləcəyi qədər məsafə olmalıdır.


2. Həssaslıq testi - Bu test üçün ayaqqabını yalın ayağa geyinməyiniz lazımdır. Ayaqqabının ayağınıza sıx olduğu bütün yerlərini (əgər varsa) hiss etməyə çalışın. Corabda bunu hiss etmək mümkün olmadığından yalın ayaqla etməyiniz mütləqdir. Xüsusilə kiçik və böyük barmaq sümüklərində təzyiq və ya sıxıntının olub-olmamasına diqqət edin.